1993-cü ilin iyununda — Heydər Əliyevin hakimiyyətə
qayıdışı ərəfəsində Azərbaycan öz tarixinin ən keşməkeşli dövrünü yaşayırdı. Cəbhədə
ağır məğlubiyyətlər, xəyanətlər, satqınlıq baş alıb gedirdi. Ölkədə, sözün əsl
mənasında, hakimiyyətsizlik idi. Siyasi hərc-mərclik hökm sürürdü.
Bölgələrimizdə, rayonlarda, paytaxtın ayrı-ayrı məhəllələrində faktiki olaraq
silahlı quldur dəstələri at oynadırdı. Xalq vahimə və təşviş içərisində idi.
Atışma səslərindən camaat evində rahat yata bilmirdi. Girovgötürmə kimi çirkin
qazanc vasitəsi adi hala çevrilmişdi. Camatın əlində olan malı, mülkü avtomobil
və başqa vasitələri cəbhə adı altında müsadirə edilirdi. Talançılıq baş alıb
gedirdi. Faktiki olaraq dövlət yox idi. Ölkəni xalq adından idarə edən, əslində
isə heç bir səriştəsi olmayan, ən adi idarəçilik qaydalarının belə nə olduğunu
bilməyən məhdud bir qrup məmləkəti milli fəlakət həddinə çatdırmışdı. Ölkə
vətəndaş müharibəsi və etnik toqquşmalar meydanına çevrilməkdə idi. Cəbhədə isə
erməni işğalçıları qarşısında müdafiəsiz qalmışdıq. Vətən torpaqları hərraca
qoyulmuşdu. Xalq ümidsizlik və təlaş içərisində idi. Sabaha inam qalmamışdı.
Azərbaycanın xaricdəki yağı düşmənləri daxildəki satqınlarla birləşmişdilər.
Azərbaycan torpaqları parçalanıb yox
olmaq təhlükəsi qarşısında qalmışdı. Bakı yaxınlığında — Navahı kəndində
vətəndaş müharibəsinin ilk güllələri atılmış, qardaş qanı axıdılmışdı...
Nə
etməli sualı Vətənimizin qeydinə qalan hər kəsi düşündürürdü. bu fəlakət anında
Azərbaycan xalqının yeganə ümid yeri Heydər Əliyev idi. Müdrik xalqımız, o
zaman qəti hərəkət edərək dünyanın bu böyük siyasət adamını hakimiyyətə
gətirdi. Bununla da Azərbaycanın xarici və daxili düşmənlərinin qubağa gölünə
daş atılmış oldu, bədxahlarımızın arzuları gözlərində qaldı. Ölkədə vətəndaş müharibəsi və
müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Heydər Əliyevin hakimiyyətə
gətirilməsi şüarı ilə ayağa qalxdı, bu, əsl mənada, milli hərəkata çevrildi,
Azərbaycanın o zamankı dövlət başçıları onu rəsmən Bakıya dəvət etməyə məcbur
oldular. Məhz o
zaman — 1993-cü ilin iyun günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə
Azərbaycanın qurtuluşunda həlledici dönüş baş verdi. Müdrik dövlət xadimi bir
neçə siyasi gedişdən sonra vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı.
Xarici və daxili düşmənlərin Azərbaycanı parçalayıb yox etmək, müstəqil
dövlətimizi aradan qaldırmaq planı puça çıxdı. Dövlətimizin, xalqımızın tarixi
müqəddəratının idarəçilik sükanı dahi dövlət adamının əlinə keçdi. Bununlada
Xalqımızın və Dövlətimizin qurtuluşu baş
verdi.
Heydər Əliyev iyunun 15-də
Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı
ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə
başladı.
Heydər
Əliyev hakimiyyətə qayıtdıqdan sonra öz xalqı üçün, doğma Vətən üçün nələr
etmədi? O, canını belə təhlükəyə ataraq bu böhranlı vəziyyətdən xalqımızı xilas
etdi. 1993-cü ilin 15 İyun gününü Qurtuluş günü adlandırmaq olarmı? Əslində
belə deyilmi? Çox sadə dillə desək bədnamlar bizi geriyə xanlıqlar dövrünə
qaytarırdı. Azadlıq, müstəqillik həm hər bir ayrıca vətəndaş üçün, həm də bütöv
xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızın,
müstəqilliyimizin yolunu illərlə gözləmişik, mübarizə aparmışıq, minlərlə şəhid
vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub
saxlamaq bir o qədər mürəkkəb və ağır məsələ idi o zamanlar. Qüdrətli və möhkəm
dövlət olmayan yerdə azadlıq və müstəqillik də yoxdur. Belə bir dövləti bizə
Heydər Əliyev dühası bəxş etmişdir. Prezident Heydər Əliyevin qədirbilən
xalqımız qarşısında, tariximiz qarşısında ən böyük xidməti budur ki, bu böyük
düha torpaqlarımıza yiyələnmək üstündə ən kəskin geosiyasi ziddiyyətlərin
mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etdi, Azərbaycan
varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətimizin qorunub
saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir.
Qurtuluş deməkdir! Dövlət başçısının qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi,
inamımızı özümüzə qaytardı. Azərbaycan qanlı burulğandan çıxdı. Sabitlik və
əmin-amanlıq yarandı. Böyük dövlət xadimi kimi Heydər Əliyevin digər tarixi
qələbəsi məhz budur — sabitlikdir. Ölkədə sabitlik yaratmaqla Heydər Əliyev öz
gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur
kəlamına sadiq qaldığını sübut etdi: Azərbaycanın dövlət müstəqilliyi əbədi
olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır...Prezident Heydər Əliyev
xalqı, yurdu milli-mənəvi parçalanmadan, iflasa uğramaqdan xilas etdi.
Torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi
"Azərbaycan" möhürü özümüzə qaytarıldı. Bununla Vətənçilik,
xalqımızın adı və dili, qüdrətimizin və vahidliyimizin əsası olan islam-türk
birliyi bərpa olundu, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan
qaldırıldı. Düşmənlərimizin oxu bu məsələdə də daşa dəydi. Bu gün müstəqil
Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və şöhrəti durmadan artmaqdadır.
Azərbaycan Respublikası bütün dünyada demokratik, hüquqi, dünyəvi dövlət nüfuzu
qazanmışdır. Heydər Əliyev zəkasının məhsulu olan təməl qanunumuz dünyanın ən
demokratik, ən mükəmməl konstitusiyalarından biridir və beynəlxalq aləmdə
Vətənimizə böyük rəğbət qazandırır. Özünün xarici siyasətini bərabərlik və
qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın
bütün dövlətləri üçün açıq ölkəyə çevrilmişdir.
1993-cü il oktyabrın
3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının
Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin
ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq
əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə
uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Azərbaycan dövlətçiliyinin
mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart
dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, dövlət
müstəqilliyi qorunub saxlandı, silahlı yolla hakimiyyətə gəlmək cəhdlərinə son
qoyuldu.Heydər Əliyev Azərbaycanın zəngin neft və qaz resurslarından səmərəli
şəkildə istifadə edərək çox güclü siyasi hakimiyyət qura bilmişdi və ölkədəki
digər siyasi güclər onunla rəqabət apara bilmirdi. Prezident Heydər Əliyevin xarici
siyasət sahəsində ən mühüm uğurlarından biri də budur ki, o, Azərbaycanı türk
dünyasından təcrid olunmuş vəziyyətdən çıxartdı. Bizimlə birlikdə azadlığa
çıxmış qardaş Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla ənənəvi
dostluq münasibətlərimiz bərpa olundu. Hazırda Azərbaycan Respublikası qardaş
türk dövlətləri ailəsinin bərabərhüquqlu üzvüdür.
Bu gün ermənistan və
onun havadarları qarşısında qalib Azərbaycanımız Heydər Əliyev siyasətinin
davamçısı və inkişafetdiricisi olan ali Baş Komandanımız İlham Əliyev
Cənablarının möhtəşəm rəhbərliyi ilə parlaq gələcəyə doğru irəliləyir. Bu gələcək
bütöv Azərbaycanla olacaqdır!
Mirzəyeva Sevda,Xocalı rayonundan məcburi köçkün, rayon ziyalısı